İDMAN
“Bakı-2021”: Qadın tamblinqçilərin fərdi yarışında finalçılar müəyyənləşib
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında qadın tamblinqçilərin fərdi yarışında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində uğurla çıxış edən səkkiz idmançı – fransalı Kendi Briere-Vetillard, britaniyalı Meqan Keali, Taçina Piters (Belçika), Tia Teylor (ABŞ), Lusie Tumoine (Fransa), Böyük Britaniya təmsilçisi Meqan Surman, İrina Siliçeva (Rusiya Gimnastika Federasiyası) və Belçika gimnastı Luise van Regenmortel finala adlayıblar.
Qadın tamblinqçilər arasında fərdi proqram üzrə final yarışı noyabrın 20-də təşkil olunacaq.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günü təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.