Bakı Ali Neft Məktəbi “TT-Gate” şirkəti ilə əməkdaşlığa başlayır
Bakı, 1 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “TT- Gate” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Bildirib ki, BANM-i digər universitetlərdən fərqləndirən başlıca səbəblərdən biri onun şirkətlərlə sıx əməkdaşlıq etməsi və daim istehsalatın içində olmasıdır. Məhz tanınmış transmilli şirkətlərlə tərəfdaşlıq əsasında bu gün BANM-də “ABB”, “Scneider Electric”, “Emerson” və digər şirkətlər tərəfindən quraşdırılmış müasir laboratoriyalar fəaliyyət göstərir.
“TT-Gate” şirkətinin direktoru Turqay Turhan ali məktəblə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildirib. Diqqətə çatdırıb ki, rəhbərlik etdiyi şirkətin köməyi ilə Ali Neft Məktəbinin bir qrup müəllimi Türkiyədə informasiya təhlükəsizliyi və avtomatlaşdırma sahəsində təlim və seminarlar keçib, öz bilik və bacarıqlarını təcrübi tətbiq edə bilər.
Görüşdə, həmçinin şirkətin Azərbaycanda işləyən, eləcə də ölkəmizə gələn professional mütəxəssisləri tərəfindən ali məktəbin tələbələrinə praktik seminarların keçirilməsi və tələbələrin şirkətdə təcrübə keçməsi məsələləri müzakirə edilib. Bildirilib ki, “TT-Gate” şirkəti ali məktəbin tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsinə də kömək göstərəcək.
Qeyd edək ki, yüksək texnoloji avadanlıqların və xidmətlərin Azərbaycanda satışını həyata keçirməklə məşğul olan “TT-Gate” Türkiyənin informasiya təhlükəsizliyi xidməti göstərən “İnnovera” şirkətinin bir qolu kimi fəaliyyət göstərir.