Bakı Ali Neft Məktəbi Yaponiyanın “Fuji” telekanalının proqramında
Bakı, 1 mart, AZƏRTAC
Yaponiyanın məşhur “Fuji” telekanalı ‘Naruhodo! The World’ proqramında Bakı Ali Neft Məktəbini (BANM) öz geniş auditoriyasına təqdim edib.
BAM-dan AZƏRTAC-a bildirilib ki, proqramda aparıcı qismində çıxış edən Yaponiyanın tanınmış aktrisası Hitomi Kuroki ali məktəbin neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin laboratoriya dəsrlərində iştirak edib. Yaponiyada neft sənayesi böyük maraqla qarşılandığından aparıcı tələbələrə bu sahə ilə bağlı bir sıra maraqlı suallar ünvanlayıb. O, eyni zamanda, BANM-in tələbələrindən niyə neft-qaz mühəndisliyini və bu sahədə niyə məhz BANM-i seçdiklərini soruşub. Cavabında isə tələbələr bu sahədə mütəxəssislərin daha çox maaş aldıqlarını, BANM-in isə ölkədə bu sahə üzrə ən güclü təhsil verən ali təhsil müəssisəsi olduğunu bildiriblər.
Proqramda BANM-in kampusunun ətrafında yerləşən neft buruqlarından görüntülər də yer alıb.
Yaponlar, həmçinin Azərbaycanın turizm məkanlarını, eləcə də Bakı, milli adət-ənənə və mətbəxlə bağlı maraqlı kadrları və faktları “Fuji”nin izləyicilərinə çatdırıblar.
Qeyd edək ki, ilk dəfə 1981-ci ildə yayımlanan proqram bu günə kimi 700-dən çox verilişlə ekrana çıxıb.