Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) hazırda müxtəlif ölkələrdə yaşayan bir qrup məzunu ailə üzvləri ilə birgə bu günlərdə yenidən Bakıya gələrək məzunların ənənəvi görüşündə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə azərbaycanlı həmkarları ilə birlikdə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə ediblər.
Vaxtilə BAÜKM-nin yerləşdiyi indi isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin fəaliyyət göstərdiyi ərazidə qonaqların təntənəli qarşılanma mərasimi olub.
Əvvəlcə hərbi məktəbin məzunu olmuş iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun mərkəzin ərazisində ucaldılan abidəsi önünə əklil qoyulub.
Görüş iştirakçıları mərkəzin klubunda ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey-lektoriyaya baxıblar, onun həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.
Təntənəli mərasim ümummilli lider Heydər Əliyevin, həlak olmuş döyüşçülərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın dövlət bayrağı və hərbi məktəbin müxtəlif illərdəki bayraqları səhnəyə gətirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi məktəbin keçdiyi döyüş yoluna toxunub, müstəqillik qazandıqdan sonra Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalan, müharibə şəraitində olan Azərbaycanın ordu quruculuğunda bu təhsil ocağının yetirmələrinin rolundan danışıb.
Ölkəmizdə son illərdə həyatımızın bütün sahələrində baş verən nəhəng dəyişikliklərə toxunan müdafiə naziri bu yüksəlişin ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb.
“Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin qəhrəmanlıq tarixi və şərəfli ənənələri” mövzusunda məruzə ilə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev hərbi məktəbin tarixi, fəaliyyəti və indiki vəziyyəti barədə ətraflı məlumat verib.
Sonra müxtəlif ölkələrdən gələn məzunlar adından Anatoli Makarov, Aleksandr Elbakidze, Pavel Dulnev, BAÜKM-nin Məzunları Birliyinin sədri Sergey Antonenko və digərləri doğma məktəblə bağlı səmimi xatirələrini bölüşüblər, Azərbaycanda, o cümlədən Bakı şəhərində aparılan quruculuq işlərinə heyran qaldıqlarını bildiriblər. Natiqlər vaxtilə oxuduqları təhsil ocağının və bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab verməsindən danışıblar.
Məzunlara xatirə medalları və hədiyyələr təqdim edildikdən sonra məktəbə həsr edilən “Yaranma tarixi” sənədli filmi nümayiş olunub. Sonda Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin estrada heyətinin ifasında konsert proqramı təqdim olunub.
Qonaqlar həmçinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə yaxından tanış olub, ən müasir trenajor və tədris avadanlıqları ilə təchiz edilən siniflərə və yataqxanalara baş çəkiblər.
Sonda qonaqlar üçün Azərbaycan paytaxtına gəzinti təşkil edilib. Onlar uzun müddət əvvəl ayrıldıqları və son illərdə xüsusilə gözəlləşən Bakının görməli yerləri ilə tanış olublar.