Bakı, Ankara və Aşqabad arasında əməkdaşlıq münasibətlərində yeni mərhələ
Bakı, 14 dekabr, Elmir Səftərov, AZƏRTAC
Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Türkmənbaşı şəhərində birgə görüşünün keçirilməsi və bir sıra vacib sahələrlə bağlı sazişlərin imzalanması üç ölkə arasında münasibətləri dərinləşdirməyə xidmət etməklə yanaşı, regional sabitliyə, rifaha xidmət göstərir. Qeyd edək ki, bu gün baş tutan görüşdə üç ölkə arasında iqtisadi-ticari, gömrük, energetika, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən sənədlər imzalanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.
Ekspert qeyd edib ki, imzalanan sənədlərdən də göründüyü kimi, Bakı, Ankara və Aşqabad arasında əməkdaşlıq münasibətləri yeni mərhələyə daxil olur və yeni razılaşmalar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından ciddi zəmin hazırlayır. Üç ölkənin birgə tərəfdaşlığı çox da uzaq olmayan perspektivdə “Transxəzər” qaz kəməri kimi böyük geoiqtisadi, geosiyasi lahiyələrin reallaşması imkanlarını da artırır.
“Bir vacib məqamı da qeyd edə bilərik ki, Azərbaycan xarici siyasətində regional kontekstdə üçtərəfli formatda əməkdaşlıq mexanizmlərinə geniş yer verir. Misal olaraq Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran və sair platformaları qeyd edə bilərik”, - deyə M.Məmmədli vurğulayıb.