BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1milyon 200 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4925 manata bərabər olmuşdur. Təklifin həcmi 1milyon dollar və tələbin həcmi 1 milyon 200 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd aşağı düşmüş və 1 dollar üçün 4927 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4927 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 495 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,293 milyarddır. Bir əqdə orta hesabla 311875 dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar ümumən 3,070 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 7-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.