“Bakı meqapolisə çevrilib, bölgələrdə isə bol oksigen var” – xarici turistlər danışır FOTO
Şəki, 7 iyul, AZƏRTAC
“Paytaxt Bakı meqapolisə çevrilib, bölgələrdə isə bol oksigen var” - bu fikirləri ölkəmizə istirahətə gələn əcnəbilər səsləndirirlər. Onlar Bakı ilə yanaşı, bölgələrdə də turizm infrastrukturunun inkişaf etdiyini bildirirlər. Qiymətlərdən də razıdırlar.
AZƏRTAC xəbər verir ki, builki yay turizm mövsümündə havalar nə qədər qeyri-sabit keçsə də, paytaxt Bakı ilə yanaşı, bölgələrə də turistlərin axını nəzərəçarpacaq qədər çoxdur. Bəs qiymətlərin hər gün dəyişdiyi bir vaxtda xarici turistlər görəsən harada qalmağa üstünlük verirlər? Bakını, yoxsa bölgələri gəzməyi xoşlayırlar? Əlbəttə ki, istər otel və hostellərdə, istərsə də ictimai iaşə obyektlərində göstərilən xidmətlərin turistlərin ürəyincə olması başlıca şərtlərdəndir.

İki illik sərt pandemiya qaydalarından sonra
İki il davam edən sərt pandemiya qaydaları yumşalandan sonra Şəkidə turizm sektoru yenidən canlanmağa başlayıb. Həftənin, günün bütün saatlarında bu qədim şəhərdə dünyanın istənilən qitəsindən turistlərlə qarşılaşmaq mümkündür. Söhbət etdiyimiz ilk turist Nelya Kutukova uzaq Sibirdən gəlib. Deyir ki, Azərbaycanda bir çox yerə səyahət ediblər, maraqlı turizm marşrutları var. “Əvvəlcə onu deyim ki, çox gözəl dağlarınız var. Sadəcə möhtəşəmdir. İnfrastruktura gəldikdə, olduğumuz yerlərin əksəriyyətində razı qaldıq. Əsasən də Bakıda xidmət əla təşkil edilir. İstirahətə gəldikdə, ən çox rayonda istirahət etməyə üstünlük verirəm. Çünki burada qiymətlər əlçatandır. Havası, təbiəti də gözəldir. Həmçinin buranın yeməkləri çox dadlıdır, səs-küy də yoxdur”, - deyir xanım Kutukova.

Dağlar, meşələr və bol oksigen
Digər turist Vladimir də “Əlbəttə burada oksigen boldur. Mənə buralar daha xoş gəldi”, - deyir. Onun da ölkəmizə səfəri paytaxt Bakıdan başlayıb. Hazırda isə bölgələri gəzir, təbiət gözəlliklərindən zövq alır. “Bakı gözəldir, lakin rayonda sakitçilikdir, qiymətlər elə də baha deyil, havası da təmizdir. Bu baxımdan bölgələri gəzməyi sevirəm”, - deyən həmsöhbətimiz tarixi məkanların onda xoş təəssürat yaratdığını vurğulayır.

Şəkidən Uzaq Amerikaya xoş ovqatla qayıdanlar
Dünya turizm marşrutlarına Şəkinin elə tarixi məkanları salınıb ki, bu, uzaq Amerikadan gələnlər üçün də cəlbedici və maraqlıdır. Burada turizm infrastrukturu, otellər, eləcə də restoranlardakı qiymətlər xarici turistlər üçün əlçatandır. Əlbəttə ki, mətbəximizin zənginliyi, dadlı yemək və şirniyyatlar da ön sırada gəlir.
ABŞ-dan ölkəmizə ilk dəfə səfərə gələn xanım Patrisiya Tormino bildirir ki, Bakıda iki gecə qalıb. “Möhtəşəm paytaxtınız var. Bir gün əvvəl Şəkiyə gəlmişik. Xüsusən tarixi məkanlar, elə qarşısında dayandığımız Xan sarayı bizi heyran elədi. Qiymətlər də münasibdir. Hazırda qaldığım otelin xidmətlərindən məmnunam. Düşünürəm ki, mənim bura gəlişim ödədiyim məbləğə uyğundur” - deyən xanım Patrisiya ölkəmizə yenə gələcəyini bildirir.
Turistlərlə söhbətdən o da məlum olur ki, marşrutu seçməzdən əvvəl gedəcəkləri məkanlarda tarixi abidələrlə, eləcə də bölgədə xristian abidələrinin olub-olmaması, onların hazırkı vəziyyəti ilə maraqlananlar da az deyil. Elə müsahibimiz Pol Zays kimi. Onu Xan sarayı nə qədər valeh edibsə, Kiş Alban məbədi də Zaysda bir o qədər xoş təəssürat yaradıb. Xüsusən ölkəmizdə dini abidələrin qorunması, dini konfessiyaların inkişafına göstərilən diqqət amerikalı turistin marağına səbəb olub. O da qiymətlərdən razılıqla danışır: “Səmimi etiraf edim ki, Qafqaz dağlarının ətəyinə səyahət uzun yolçuluqdan sonra mənə daha xoş gəldi. Qeyd edim ki, qiymətlər münasibdir, burada olmağımdan məmnunam. Ödədiyimiz vəsait qarşılığında kifayət qədər yaxşı xidmətlər alırıq”.

“Azərbaycanda tolerant mühitdən çox məmnun qaldım”
Araşdırma apardığımız müddətdə daha bir maraqlı turist qrupu ilə qarşılaşdıq. Dini konfessiyaları təmsil edən qrup bölgələrdə maraqlı vaxt keçirdiklərini bildirir. Qrupun üzvü Larisa Latvininko deyir ki, Bakıda əksər dinlərin ibadətgahlarında olub və dini mərasimləri müşahidə ediblər. Onun diqqətini cəlb edən əsas məqam isə ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlanması və bu sahəyə dövlətin qayğısıdır. Belə ki, gələrkən Qəbələ və Oğuza da səfər ediblər. Burada sinaqoqların, kilsələrin qapısının daim açıq olduğunu görüblər. Şahid olublar ki, hər kəs sinaqoq, kilsə və məscidə xüsusi ehtiramla yanaşır.
“İlk dəfədir ölkənizə gəlirik. Mən Azərbaycanda tolerant mühitdən çox məmnun qaldım. Burada bütün dinlərdən olan insanlarla görüşür, onların ibadət ocaqlarına baş çəkirik. Göstərilən diqqət və qayğı ölçüyə gəlməyəcək qədər əladır. Bakı mənə canlı bir orqanizmi, meqapolisi xatırlatdısa, burada hər tərəf dağlıqdır, təbiət qoynundasan. Yatıb duranda pəncərədən dağları görürsən və bu, unudulmaz bir mənzərədir”, - deyən L.Latvininko Azərbaycanda gördüklərini qələmə alacağını və ölkəsində saytlarda dərc etdirəcəyini bildirib.




