ELM VƏ TƏHSİL
Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib
Xırdalan, 19 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meyilləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə kadr hazırlığı, ingilis dilinin üstünlük təşkil etdiyi tədris sistemi və s. məsələlərlə bağlı qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, universitetin yaxın dövr üçün strateji inkişaf məqsədlərini vurğulayan rektor bu çərçivədə BMU ilə TİF arasında mümkün əməkdaşlıq sahələrinə toxunub.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun ali təhsil müəssisələri ilə bağlı əsas strateji fəaliyyət istiqamətləri və hər istiqamət üzrə nəzərdə tutulan prioritetləri qeyd edib. Ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıqdan gözlənilən mümkün nəticələr haqqında danışan Elnur Nəsibov tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, eləcə də digər istiqamətlərdə TİF-in həyata keçirdiyi müxtəlif layihələri, təqaüd proqramlarını diqqətə çatdırıb.
Sonra nümayəndə heyəti ali təhsil müəssisəsinin infrastrukturu, yataqxanaları, o cümlədən elmi-tədqiqat fəaliyyətinə imkan verən Texnoparkı, müasir bazaya malik laboratoriyaları ilə yaxından tanış olub. Tanışlıq zamanı universitet-sənaye iş birliyinin inkişafı, elm və innovasiyalar istiqamətində fəaliyyətin daha da gücləndirilməsi kimi məsələlərdən bəhs edilib, geniş potensiala malik BMU ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.