Bakı Şahmat Olimpiadasının ilk ulduz səfirləri məlum oldu
Bakı, 17 may, AZƏRTAC
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb.
Əməliyyat Komitəsinin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi xəbərə görə, “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabrda Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.
Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də Beynəlxalq Şahmat Federasiyasının (FİDE) konqresinin növbəti iclası olacaq.