BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİ LAYİHƏSI ÜZRƏ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolu xətti layihəsi üzrə Əlaqələndirmə Şurasının dördüncü iclası keçirilmişdir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şurada təmsil olunan Azərbaycan hökumətinin nümayəndələri ilə yanaşı Gürcüstanın müvafiq strukturlarının rəhbərləri və podratçı “Azərinşaatservis” şirkətinin nümayəndələri iştirak etmişlər.
Şura iclasında BTQ dəmir yolunun Gürcüstan ərazisində olan Marabda-Kartsaxi hissəsində görülmüş işlər, 2008-ci ildə həyata keçirilmiş tədbirlər barədə məruzələr dinlənilmiş, Ukraynanın “Kiyevqiprotrans” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmış Marabda-Tetri-Çkaro yolunun (29,2 kilometr) yenidən qurulması üzrə işçi layihəyə, həmçinin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-nin təqdim etdiyi bir sıra texniki məsələlərə baxılmışdır.
Bildirilmişdir ki, Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3, Azərbaycan isə 2 mərhələdə həyata keçirməyi təklif edir. Gürcülərin təqdim etdiyi birinci mərhələyə Marabda-Tetri-Çkaro (29,2 kilometr), ikinci mərhələyə Tetri-Çkaro-Çalka (49,7 kilometr), üçüncü mərhələyə isə Çalka-Axalkalaki hissələri (74,1 kilometr) daxildir.
Qeyd olunmuşdur ki, dəmir yolunun tikintisi cədvələ uyğun həyata keçiriləcəkdir. Artıq müəyyən işlər aparılmışdır. Gürcüstan tərəfi tikinti-yenidənqurma işlərinin iki mərhələdə həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifləri ilə razıdır.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanmışdır. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilmişdir. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkəni təmsil rdən “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər cütlərinin dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaqdır. Layihənin ümumi dəyəri isə 600 milyon dollardan artıq qiymətləndirilir.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” Şirkəti həyata keçirir. Bu xəttin 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 kilometr olan yeni dəmir yolu xətti inşa olunacaqdır.