Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 27 il ötür
Bakı, 6 iyul, AZƏRTAC
Bu gün Bakı Teleqüllə Kompleksinin layihələndirilməsindən 42, istismara verilməsindən 27 il ötür.
AZƏRTAC xəbər verir ki, 1956-cı ildə istismara verilmiş 180 metrlik ilk Televiziya qülləsi polad bloklardan yığılmışdı. Yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımlarının təşkil edilməsinə zərurət yaranmışdı. Bundan irəli gələrək SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən Bakı Teleqüllə Kompleksi layihələndirilmiş və 1981-ci ildə onun tikintisinə başlanılmışdır. Bu unikal tikili layihələndirilərkən, Bakının qədimliyini və klassik üslubunu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşdirmək əsas hədəflərdən biri olmuşdur. Nəticədə Bakı Teleqüllə Kompleksinin üzərində dörd ədəd milli ornamentli şəbəkə yerləşdirilmişdir ki, şimal, cənub, qərb və şərq olmaqla, onların hər biri bir cəhətə istiqamətlənir.
Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı və Bakı Teleqüllə Kompleksi istismara verilməli idi. Lakin 80-ci illərdə SSRİ-ni əhatə edən maliyyə böhranı və sonda SSRİ-nin dağılması, maliyyə çatışmazlığı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalır. Sonradan Ümummilli Lider Heydər Əliyev yarımçıq qalmış tikintinin başa çatdırılması üçün müvafiq göstərişlər verir. Onun iştirakı ilə 1996-cı il iyulun 6-da Bakı Teleqüllə Kompleksi istifadəyə verilir. Beləliklə, tikinti işlərinin aparılması ümumilikdə 16 il çəkir.
Bakı Teleqüllə Kompleksi şəhərin hündür hissəsində inşa edilib. Bu da vizual görüntü ilə yanaşı, paytaxtın istənilən ərazisində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların qəbuluna imkan verir.
Bakı Teleqüllə Kompleksi Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir. Konstruktiv göstəricilərinə görə Bakı Teleqüllə Kompleksinin bənzəri Litvanın paytaxtı Vilnüsdə mövcuddur. Hər iki tikinti eyni layihə institutunda, eyni baş arxitektor tərəfindən hazırlanıb.
Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.
Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirir.
Ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli funksiyanı yerinə yetirən Kompleks məhz Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1996-cı il iyulun 6-da istifadəyə verildi. Teleqüllənin açılışı zamanında Azərbaycanda radio-televiziya yayımının inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri oldu.