Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 11-12-də “Ekologiya İli” çərçivəsində Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfrans 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli elan edilməsi, bununla yanaşı, MDB üzvlərinin Gənclərlə İş üzrə Şurasının cari il üçün nəzərdə tutulmuş planına müvafiq olaraq Azərbaycan Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə reallaşacaqdır.
Tədbirin məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir.
Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcəklər.
Ümumilikdə 200-ə yaxın alim və gənci əhatə edəcək tədbirə UNİCEF-in iqlim üzrə gənc səfirləri də qatılacaqlar.
Konfransın proqramına plenar iclas, ekoloji hüquq və təhlükəsizlik, elmdə ekoloji innovasiyalar, ekoloji təhsil və maarifləndirmə, ekoloji təfəkkürün formalaşması, cəmiyyət seksiyalarında məruzə, müzakirələr, konfransın yekun qətnaməsinin qəbul olunması, alimlərin və ekspertlərin şagirdlər və tələbələr üçün mühazirələr oxuması daxildir.
Qeyd edək ki, tədbirin xüsusi internet səhifəsi hazırlanmışdır.