Bakıda həndbol üzrə Avropa çempionatının qrup mərhələsinə start verilib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Bakı İdman Sarayında həndbol üzrə Avropa çempionatının qrup mərhələsinə start verilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
17 yaşadək qızların qatıldığı yarışda on komanda iki qrupda gücünü sınayır. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. "B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.
Əvvəlcə yarış meydanına Avropa Həndbol Federasiyasının bayrağı gətirilib.
Turnirin ilk matçında "B" qrupunda yer alan Farer adaları və Yunanıstan milliləri üz-üzə gəliblər. Oyun başlanmazdan əvvəl bu ölkələrin Dövlət himnləri səsləndirilib.
Gərgin mübarizə şəraitində keçən oyun Farer adaları komandasının 27:22 hesablı qələbəsi ilə nəticələnib.