Bakıda İsrailin milli bayramı qeyd edilib
Bakı, 22 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Aprelin 22-də İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 67-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın və İsrailin dövlət himnləri səslənib.
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, ötən illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara nail olunduğunu vurğulayıb.
Səfir İsrail ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən söhbət açıb. O, dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Diplomat Azərbaycanda yaşayan bütün xalqlar, eləcə də yəhudilər üçün yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov əlamətdar gün münasibətilə İsrail xalqını təbrik edib. O deyib ki, son vaxtlar Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Nazir Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsində böyük rol oynadığını söyləyib. Heydər Əsədov əmin olduğunu bildirib ki, Azərbaycan-İsrail dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.