BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi. Səhər tezdən yarmarkaya gələn alıcılar - pensiyaçı Adilə Məmmədova, evdar qadın Səbinə Cavadova və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kartof, kələm, soğan, xiyar, çuğundur, kök 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bu gün alıcılara 18,05 ton məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 4 ton tərəvəz, 3 ton kartof, 3 ton meyvə, 4 min ədəd yumurta təklif olunur. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır.
Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev dedi ki, bu gün satışa Salyan, Qusar, Dəvəçi, Astara, Quba rayonlarından gətirilmiş 77,7 ton məhsul çıxarılmışdır. Məhsullar bazarlardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuzdur.
Yarmarkaya axın-axın gələn və bu ünvanı əlidolu tərk edən paytaxt sakinləri məhsulların bolluğuna, çeşidlərin müxtəlifliyinə, qiymətlərin münasibliyinə və alış-veriş üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinlərinə Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir, Şəmkir və digər rayonlardan gətirilmiş 251 tondan çox meyvə-tərəvəz, ağartı təklif olunurdu. Məhsulların qiyməti bazardakından 20-25 faiz ucuz idi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 68 ton 500 kiloqram məhsul təklif olunur. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsullar bazarlarla müqayisədə 20-30 faiz ucuz qiymətə satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 5 ton 100 kiloqram məhsul çıxarmışdılar.
Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 48,1 ton məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, alıcılara Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri 10 mindən çox yumurta təklif edirlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
![]() |
![]() |

