BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 7 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 13 tondan çox məhsul çıxarılmışdı. Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Cəmil İsayev bu dəfə 1 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdi. Məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Ümumilikdə şənbə və bazar günü yarmarkada 31 tondan çox məhsul satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, iki gün ərzində yarmarkada Salyan, Qusar, Dəvəçi, Quba, Astara və digər rayonların fermerləri 77,7 ton məhsul satmışlar.
Yarmarkada məhsulların qiyməti bazarlardakı ilə müqayisədə yarıbayarı ucuz idi. Yarmarkada pomidorun bir kiloqramı 60-80, kartof 30-50, soğan 25-30, şaftalı 50-80, gavalı 40-60, badımcan 20-25 qəpiyə, lobya, üzüm 80- qəpik-1 manata, göyərtinin dəstəsi 10-15 qəpiyə təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu. Alıcılar kartofun, soğanın, badımcanın, pomidorun, digər meyvə - tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər.
Şənbə və bazar günləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri yarmarkada 251 ton məhsul satmışlar.
Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda iki gün ərzində 73 ton 100 kiloqram məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, hər iki yarmarkada məhsul bol, çeşid müxtəlif, qiymətlər isə bazardakından 20-30 faizə qədər ucuz olmuşdur. Sakinlər kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsulları həvəslə almışlar.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
######
