Bakıda Küveytin dövlət müstəqilliyinin 62-ci ildönümü qeyd edilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Küveytin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 62-ci, işğaldan azad olunmasının 32-ci ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat ölkələrimiz arasında gündən-günə genişlənən əlaqələrin qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan və Küveyt arasında parlamentlərarası əlaqələrdən də danışan səfir Azərbaycan Milli Məclis sədrinin Küveytə dəvət olunduğunu da diqqətə çatdırıb.
Abdullah Mohamed Abdullah Almauidi Küveyt və Azərbaycan arasında Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclasının yaxın aylarda ölkəsində keçiriləcəyini bildirib.
Səfir zəlzələ nəticəsində Türkiyə və Suriyada həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.
Əlamətdar gün münasibətilə Küveyt xalqını təbrik edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, iki ölkəni ortaq din, tarixi və mədəni əlaqələr birləşdirir. Ölkələrimiz müəyyən vaxtlarda hərbi təcavüzə məruz qalıb, beynəlxalq hüququn norma və prinsipləri əsasında mübarizə apararaq öz müstəqilliklərini bərpa ediblər. Dövlət rəhbərinin müdrik siyasəti nəticəsində ölkələrimiz regional müstəvidə böyük nüfuz qazanıblar.
Ölkələrimizin Şərqlə Qərb arasında ticarət əlaqələrinin inkişafında rolundan danışan nazir müavini deyib ki, Azərbaycanla Küveyt arasında iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan-Küveyt əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Fariz Rzayev ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini söyləyib.
Nazir müavini bildirib ki, Küveyt Azərbaycanın haqq işi uğrunda mübarizəsində həmişə yanında olub. Dost ölkənin dəstəyi Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. “Əminik ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə Fariz Rzayev əminliyini ifadə edib.