Bakıda lüks turizmlə bağlı növbəti görüş
Bakı, 6 aprel, AZƏRTAC
“Fairmont Baku” hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ukraynanın “Chance Travel Consulting” və Azərbaycanın “R&S Group” şirkətlərinin təşkilatçılığı ilə “Avropa səyahət bazarı” (“Baku Travel Bazaar Europe”) adlı işgüzar görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İsveçrə, Böyük Britaniya, Almaniya, Yunanıstan, İtaliya, Fransa, Monako və digər ölkələrin 50-dən çox termal kurortları, SPA hotelləri və klinikaları təmsil olunub.
“R&S Group” şirkətinin meneceri Aysel Mayılova açıqlamasında bildirib ki, tədbir Azərbaycanın turizm təmsilçilərinin müxtəlif ölkələrdəki yeni turizm istiqamətləri ilə tanış olması, eyni zamanda xarici nümayəndələrin ölkəmizin istirahət imkanları haqqında məlumat alması məqsədilə təşkil olunub. Qeyd olunub ki, tədbir Azərbaycanda lüks turizmin inkişafına zəmin yaradır. Çünki bu tədbirlərin iştirakçıları əsasən yüksək səviyyəli xidmət göstərən turizm obyektləridir.
A.Mayılova vurğulayıb ki, müxtəlif mövzulara həsr edilən “Baku Travel Bazaar” il ərzində bir neçə dəfə təşkil olunur. Bu il ikinci tədbir aprelin 21-də “Baku Travel Bazaar Wellness”, sentyabr və oktyabr aylarında isə “Baku Travel Bazaar Adventures”, “Baku Travel Bazaar Exotic” adları ilə reallaşacaq.