BAKIDA “MİKROMALİYYƏ - 10 İLLİK QABAQCIL TƏCRÜBƏ” MÖVZUSUNDA 4-CÜ MİKROMALİYYƏ KONFRANSI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da “Hyatt Regency” mehmanxanasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşklatçılığı ilə “Mikromaliyyə - 10 illik qabaqcıl təcrübə” mövzusunda 4-cü mikromaliyyə konfransı işə başlamışdır.
İkigünlük konfransın məqsədi Azərbaycanda 10 ildə mikromaliyyə sahəsinin əldə etdiyi uğurları, qarşıya çıxan problemlərin həlli yollarını müzakirə etməkdir.
Dövlət orqanlarının, beynəlxalq təşkilatların, səfirliklərin, özəl bölmə təmsilçilərinin iştirak etdiyi konfransın açılışında AMA idarə heyətinin sədri Eldar Cəfərov dünyada yoxsulluqla mübarizədə sınaqdan çıxmış mükəmməl vasitə olan mikromaliyyələşmənin Azərbaycandakı vəziyyətindən danışmışdır. Hazırkı konfransı əvvəlkilərlə müqayisə edən E.Cəfərov ölkəmizdə mikromaliyyə sahəsinin sürətlə inkişaf edən maliyyə sektoru ilə birgə irəlilədiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2006-cı ildən bəri 7 bank AMA-nın üzvü olmuşdur. Üzvlər bank və qeyri-bank təşkilatları 600 milyon ABŞ dolları məbləğində aktiv kredit portfelinə malikdirlər. İndiyədək bu təşkilatlar tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə 1,18 milyard dollardan artıq maliyyə vəsaiti ayrılmışdır.
Mikromaliyyə əməliyyatlarının yoxsulluğun azaldılmasına və davamlı inkişafa, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının həyata keçirilməsinə də müsbət təsir göstərdiyini bildirən E.Cəfərov qarşıda duran vəzifələrdən söz açmışdır. Bank olmayan kredit təşkilatları üçün qanun layihəsinin hazırlanmasını müsbət addım kimi səciyyələndirən natiq qanunun qəbul olunmasını mikromaliyyə təşkilatlarının daha mütəşəkkil fəaliyyətinə zəmin yaratdığına əminliyini bildirmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders cəmiyyətin ədalətli inkişafı üçün mikromaliyyə sektorunun əhəmiyyətindən danışmış, Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək inkişaf səviyyəsinə çatdığını, yoxsulluğun isə xeyli azaldığını vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanın strateji dostu və tərəfdaşı olan ABŞ respublikamızda bu sahənin inkişafına dəstək verməyə hazırdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə bank və qeyri-bank təşkilatlarının regionların sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına yönəlmiş fəaliyyətlərini yüksək qiymətləndirdiyini demişdir.
Respublikamızda mikromaliyyə proqramlarının icrasına 1996-cı ildən başlandığını qeyd edən Baş nazirin müavini Əli Həsənov ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən humanitar təşkilatlar üçün lazımi şəraitin yaradıldığını nəzərə çarpdırmışdır. Yoxsulluğun azaldılmasında, yeni iş yerlərinin açılmasında və aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılmasında mikromaliyyə təşkilatlarının əhəmiyyətini vurğulayan Ə.Həsənov bu sahənin daha da təkmilləşməsinə dövlətin qayğı göstərdiyini söyləmişdir.
Tədbirdə bank olmayan kredit təşkilatları üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, regiondakı mikromaliyyə sahəsindəki hazırkı proseslərlə bağlı müzakirələr aparılmış, müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Konfrans işini sentyabrın 17-də davam etdirəcəkdir.
######
![]() |
![]() |

