Bakıda “Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum keçirilib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı, “Könüllü DOST” proqramının təşkilatçılığı ilə 5 saylı Bakı DOST Mərkəzində Beynəlxalq İKT-də Qızlar Günü ilə bağlı “Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildirilib ki, forumda ittifaqa üzv olan müxtəlif təşkilatların xanım könüllüləri iştirak ediblər.
Məqsəd gənc xanım könüllüləri informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır.
Forumda DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov, DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nazilə Həşim-zadə, ASAN - İnnovasiyalar Mərkəzinin PMO ofisinin rəhbəri, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və “Digital Umbrella” MMC-nin təsisçisi Ulduz Xəlilova İKT-də qadınların rolu və şəxsi uğur hekayələri barədə məlumat veriblər. Bundan əlavə forumda İKT-də gender bərabərliyinin qadınların hüquq və imkanlarının genişləndirilməsində əsas amillərdən biri olduğu qeyd edilib.
İştirakçıların böyük marağına səbəb olan forum sual-cavab sessiyası və komanda işi ilə yekunlaşdırılıb. Forum zamanı xüsusi aktivliyi ilə fərqlənən könüllülərə simvolik hədiyyələr təqdim olunub.