Bakıda QHT-lərin həmrəylik forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirir - ŞƏRH
Bakı, 27 noyabr, Elmir Səftərov, AZƏRTAC
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu böyük uğurla keçirildi və bu tədbir Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Türk dövlətlərinin başçıları arasında formalaşan müsbət siyasi dinamika, səmimi münasibətlər, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri artıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu fonda müxtəlif sahələr üzrə keçirilən görüşlər, konfranslar, simpoziumlar və rəsmi təmaslar dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib. O, bildirib ki, forum çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı tanışlığı, təcrübə mübadiləsi və birgə layihələrin müzakirəsi xüsusi önəm daşıyır.
"QHT-lərin həmrəylik forumu yalnız mövcud əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda, gələcəyə yönəlik uzunmüddətli və çoxşaxəli strateji planların müəyyənləşdirilməsi baxımından da mühüm platforma kimi çıxış edir.
Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə vurğulanan əsas məqamlar Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin dərinləşdirilməsinin vacibliyini bir daha ortaya qoydu. Zəfərimizin 5-ci ilində Türk ailəsinin bir araya gəlməsi, Bakıda, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə aparılan müzakirələr ortaq dəyərlərin möhkəmlənməsinə, birlik ruhunun güclənməsinə və vahid baxışın formalaşmasına mühüm töhfə verir",- deyə İ. Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Mərkəzi Asiya və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda Türk şüurunun, milli kimliyinin və ideoloji birliyinin möhkəmlənməsi münasibətlərin tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir.
Gələn il ölkəmizdə Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsi tarixə, milli irsə və mədəni köklərə olan dərin ehtiramın ifadəsi olacaq. Prezident İlham Əliyevin andiçmə mərasimində də vurğuladığı kimi, Azərbaycan Türk ailəsinin ayrılmaz hissəsidir və bu birliyin daxilində özünü güvənli və möhkəm hiss edir. Türk ailəsi bizim strateji dayağımız, siyasi gücümüz və mənəvi birliyimizin əsas sütunudur.
Türk coğrafiyasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı regionun iqtisadi potensialını gücləndirməklə yanaşı, etibarlılıq, dayanıqlılıq, sülh və sabitliyin möhkəmlənməsinə də mühüm töhfə verir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun keçirilməsi və Azərbaycanın bu proseslərdə aparıcı rol oynaması ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirir, nüfuzunu daha da artırır və müsbət imicinin möhkəmlənməsinə xidmət edir.