BAKIDA “SOSİAL MÜDAFİƏNİN İNKİŞAFI” MÖVZUSUNDA SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da “Ambassador” mehmanxanasında Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu sosial siyasət departamentinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Sosial müdafiənin inkişafı” mövzusunda seminar işə başlamışdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirmişdir ki, iki gün davam edəcək seminarın məqsədi ölkəmizdə əhalinin sosial müdafiəsinin müxtəlif sahələri - əməyin təhlükəsizliyi, ünvanlı sosial yardım, məşğulluğun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası və digər məsələlər haqqında iştirakçılara məlumat verməkdir. Bu sahələrlə bağlı AŞ-nin standartları və qabaqcıl Avropa təcrübəsi də müzakirə ediləcəkdir.
Nazir müavini vurğulamışdır ki, son illər ölkəmizdə əlillərin müalicəsi, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür, o cümlədən müxtəlif layihələr həyata keçirilir. Hazırda 100 mindən çox ailə ünvanlı sosial yardım alır.
AŞ sosial siyasət departamentinin sosial hüquqlardan faydalanma şöbəsinin rəhbəri Karl-Fridrix Bor demişdir ki, Azərbaycanda sosial sahənin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülür. Azərbaycan Avropa Sosial Xartiyasını (ASX) imzalayaraq ratifikasiya etmişdir. Natiq bildirmişdir ki, seminarda AŞ-nin sosial müdafiə sahəsində təklif etdiyi müxtəlif hüquqi sənədlər müzakirə ediləcəkdir. ASX, Avropa Sosial Təminat Məcəlləsi, məşğulluq, yaşayış yerlərinin təmin edilməsi və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.
Tədbirdə “Azərbaycanda mövcud sosial yardım sistemi və onun inkişaf yolları”, “Sosial yardım, Avropa Şurasının mövcud alətləri, sosial yardım və sosial təminat arasındakı fərq”, “Əməyin təhlükəsizliyi, əmək müfəttişliyi və əmək qanunvericiliyi” və digər mövzularda məruzələr dinlənilmişdir.