Bakıda “Təbiət möcüzələri” adlı fotosərgi açılıb
Bakı, 14 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Təbiət möcüzələri” adlı fotosərgi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Macarıstanın ölkəmizdəki səfiri, diplomatik korpusun nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Sərgidə Azərbaycanın milli parklarından çəkilmiş füsunkar peyzaj, etüd və lövhələr, Qarabağın əsrarəngiz təbiət nümunələri, o cümlədən Azərbaycanın zəfər rəmzi olan Xarıbülbülün fotosu nümayiş olunub.
Sərgidə, eyni zamanda Macarıstan Təbiət Fotoqrafları Assosiasiyasının peşəkar təbiət fotoqrafiyası ilə məşğul olan fotoqrafları ən yaxşı fotoşəkillərini geniş auditoriya ilə bölüşmək imkanı qazanıb.
Müştərək sərginin təşkilində məqsəd Azərbaycan və Macarıstanın təbiət dəyərlərini və gözəlliklərini tərənnüm etmək, hər iki ölkənin nadir təbiət özəlliklərini tanıtmaq, mədəni irsin təbliği və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.
“Təbiət möcüzələri” sərgisinin iştirakçıları nümayiş olunan şəkilləri maraqla izləyiblər: Qaranohur gölü, budaqların, kolların üstünə qonan qızlarquşu, gölün üzərində uçuşan qızılqazlar, Xanbulan gülünün füsunkar görkəmi, ləçəkləri göz oxşayan Qafqaz Xarıbülbülü, göldən su içən marallar, Qobustandakı Daşgil palçıq vulkanı, fısıldayan qu quşları, səmaya pərvaz edən göl qağayıları, daşların, qayaların arası ilə axıb gələn, gendən baxanda ağappaq tülü xatırladan şəlalə...
Sərgidə nümayiş olunan şəkillərin müəlliflərindən biri olan Aleksey Lyokin deyib: “Təbiətin əsrarəngiz gözəlliyini çox sevirəm və bunu başqaları ilə bölüşməyə çalışıram. Mənim yaradıcılığımda da təbiət mövzusu əsas yer tutur. Sərgidə Şirvan, Şahdağ və Göygöl Milli parklarından çəkdiyim şəkillər nümayiş olunur. Azərbaycanda hər bir rayonun özünəməxsus gözəlliyi var və mümkün qədər həmin gözəlliyi əks etdirmək istəmişəm. Şirvan Milli Parkının zəngin flora və faunası var və mən orda olarkən həmin zənginliyi və gözəlliyi kameranın yaddaşına köçürərək təbiətimizin gözəlliyini əks etdirməyə çalışmışam”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva deyib: “Sərgidə Azərbaycanın və Macarıstanın təbiət gözəllikləri nümayiş olunur. Burada həm yerli, həm də ölkəmizdə səfərdə olan xarici fotoqrafların çəkdikləri şəkillər sənətsevərlərə təqdim edilir. Ölkənin fərqli ekosistemlərini əhatə edən milli parkların hər birini görməyə dəyər. Sərgidə nümayiş olunan şəkillər də həmin gözəlliklərin bir hissəsini özündə əks etdirir”.
“Təbiət möcüzələri” fotosərgisi iyunun 30-dək davam edəcək.