Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası keçirilir
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 14-də Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirlik və komitələrinin 50-dək nümayəndəsinin iştirak etdiyi iclasa Azərbaycan tərəfi sədrlik edir.
İclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirmişdir ki, gündəliyə əsasən balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2010-2011-ci illərdə görülən işlər, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələri barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2012-ci il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq, nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcəkdir.
Nazir müavini xatırlatmışdır ki, ötən il noyabrın 18-də Xəzərətrafı dövlətlərin başçılarının Bakı şəhərində keçirilmiş Sammitində Qazaxıstan Prezidentinin nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi dövlət başçıları tərəfindən bəyənilmişdi. Bu təklifi həyata keçirmək məqsədi ilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi dekabrın 15-də müzakirəyə çıxarılacaqdır.
Xəzər dənizində bioloji resursların vəziyyəti ilə bağlı məlumat verən R.Hacıyev diqqətə çatdırmışdır ki, hazırda nərə balıqlarının ehtiyatları tükənmək üzrədir. Odur ki, qəti şəkildə nərəcinsli balıqların kommersiya istehsalına qadağa tətbiq etməyin vaxtıdır.
İranın “Şilat” balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücdəhidi çıxışında Xəzərdə nərəcinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini təklif etmişdir.
Qazaxıstanın Balıq Təsərrüfatı Komitəsi sədrinin səlahiyyətlərini icra edən Bauırjan Jumajanov demişdir ki, Xəzərin bioloji müxtəlifliyinin bərpasına yalnız nərə balıqlarının ovlanmasına moratoriumla bağlı beştərəfli saziş imzalandıqdan sonra nail olmaq mümkündür.
Rusiya və Türkmənistanın nümayəndələri də Xəzərin bioloji resursları ilə bağlı hazırkı vəziyyətdən narahatlıqlarını bildirmiş və bu sahədə birgə səylərin vacibliyini qeyd etmişlər.
Xəzəryanı ölkələrin nümayəndələri çıxışlarında, həmçinin tədbirin əhəmiyyətini vurğulamış və yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Xəzərin bioresurslarının qorunmasına və bərpasına yönəlmiş iclas dekabrın 16-dək davam etdiriləcəkdir.