Bakının yaşıllıq və landşaft dizaynı Pakistanda tətbiq edilir
Bakı, 10 avqust, AZƏRTAC
Bildiyimiz kimi, iyunun 14-15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki dost ölkənin rəhbərinin mətbuata verdikləri bəyanat zamanı Məhəmməd Şahbaz Şərif Azərbaycanın paytaxtı Bakı şəhərinin son dərəcə təmizliyini diqqətə çatdıraraq, onun gözəlliyinə valeh olduğunu xüsusi vurğulayıb və şəhər planlaşdırılması, tullantıların emalı, xüsusilə də yaşıllaşdırma sahəsində Bakının təcrübəsinə Pakistanda ehtiyac olduğunu bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyd edilən səfərdən sonra İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin dəvəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov və landşaft dizaynı üzrə mütəxəssis Firuzə Əhmədovadan ibarət nümayəndə heyəti İslamabadda işgüzar səfərdə olub.
Azərbaycandan gələn nümayəndə heyəti yerli mütəxəssislərlə birgə İslamabad da daxil olmaqla bir neçə şəhərdə park və yaşıllıq sahələrinə baxış keçirib.
Mövcud şəraitlə tanışlıqdan sonra azərbaycanlı mütəxəssislər İslamabadda yaşıllıq sahələrinin yeni dizaynla qurulması, landşafta yeniliklərin gətirilməsi, gözəl mənzərə yaradan layihələrin tətbiqi, mövcud ağaclara qulluq, mütəmadi olaraq gübrələrin verilməsi, daha gözəl görünməsi üçün yaşıl guşələrdə müxtəlif rəng çalarlarından, mövsümi güllərdən istifadə edilməsi, yol kənarlarına alleya görünüşü verilməsi üçün onlara paralel yeni ağacların əkilməsi, dekorativ bitki və daşlardan geniş istifadə edilməsi kimi təkliflər veriblər.
Səfərin sonunda İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin rəhbərliyi tərəfindən azərbaycanlı mütəxəssislərə minnətdarlıq edilib.