REGİONLAR
Balakən ziyalısı: Ermənistan Prezident İlham Əliyevin diplomatiyası, Azərbaycan Ordusu qarşısında aciz durumdadır
Balakən, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda qazandığı zəfərlər Ermənistanın baş naziri Nikol Paşinyanı elə vəziyyətə salıb ki, o, hər gün bir neçə dövlət başçısına zəng edərək yalvarır, döyüşlərin dayandırılmasını istəyir, sülhə hazır olduğunu bildirir. Ermənistan hakimiyyəti nəinki bu döyüşləri uduzduğunu qəbul edib, eyni zamanda, Prezident İlham Əliyevin diplomatiyası, Azərbaycan Ordusu qarşısında aciz durumdadır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən ziyalısı, Əməkdar müəllim, şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva söyləyib.
O qeyd edib ki, xalqımız bu günlərdə tarixinin şanlı günlərini yaşayır, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda qalibiyyətli savaş aparır, şanlı qəhrəmanlıq səhifəsi yazır. Cəmiyyətimizdə böyük ruh yüksəkliyi, milli həmrəylik və mübarizə əzmi var. 30 ilin faydasız danışıqları, mənasız sülh çağırışları əfsuslar olsun ki, nəticəsiz qalıb. Vəziyyətdən çıxış yolunu Azərbaycan özü gerçəkləşdirməli oldu. Rəşadətli Azərbaycan Ordusunun hər gün azad etdiyi məntəqələrə tezliklə minlərlə yerli sakin qayıdacaq, o ərazilərdə quruculuq işləri başlayacaq.
Rayon ziyalısı deyib: “Bu gün hər kəs ordumuza dəstək nümayiş etdirərək döyüşçülərimizin arxasında dayanıb, hər bir Azərbaycan vətəndaşının ürəyi ordu ilə döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir. Cəbhədəki əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an döyüşə getməyə hazırdır. Silahlı Qüvvələrimizin şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, zəfər bizimlədir”.