BALAKƏNDƏ İKİ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Balakən rayonunun Qaravəli və Gülüzanbinə kəndlərində yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə mərasimlər keçirilmişdir.
Qaravəli kənd orta məktəbinin 360 şagird yerlik yeni binası Təhsil Nazirliyinin vəsaiti ilə inşa edilmişdir. Məktəb indiyədək uyğunlaşdırılmış darısqal binada fəaliyyət göstərirdi. İkimərtəbəli yeni məktəb binasında 15 sinif otağı, fənn kabinetləri, kompyuter kabineti, akt və idman zalları, kitabxana, bufet və digər otaqlar yerləşir. Məktəb binası müasir istilik sistemi ilə təchiz olunmuşdur. Nazirliyin vəsaiti hesabına məktəbə təzə inventar və avadanlıq da alınmışdır.
Gülüzanbinə kəndində inşa edilən yeni məktəb binası isə 180 yerlikdir. İkimərtəbəli məktəb binasında 9 sinif otağı, habelə fənn kabinetləri, kompyuter kabineti, idman zalı, kitabxana və digər otaqlar vardır.
Açılış mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov məktəb kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Təhsil Nazirliyinin vəsaiti hesabına rayonun Qaysa və Mahamalar kəndlərində hər biri 480 şagird yerlik iki yeni məktəb binası da inşa edilir. Bu təhsil ocaqlarının cari ilin sonunadək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.