Balakəndə Ulu Öndərə həsr olunmuş güləş üzrə açıq rayon birinciliyi başa çatıb
Balakən, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayon sektoru, rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən birincilikdə respublikamızın 11 şəhər və rayonunu təmsil edən 220 güləşçi mübarizə aparıb.
Balakən rayon Gənclər və İdman Sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iki gün davam edən yarışda hər güləş növü üzrə üç yaş qrupunda 110 güləşçi qüvvəsini sınayıb. Güləşçilər 11 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
Hər çəki dərəcəsi üzrə ilk yerləri tutan idmançılar diplomlarla mükafatlandırılıblar.