Balakəndə Xocalı faciəsi qurbanlarının xatirəsi anılır
Balakən, 25 fevral (AZƏRTAC). Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Balakən rayonunun təhsil və mədəniyyət müəssisələrində, ayrı-ayrı əmək kollektivlərində soyqırımına, xalqımızın milli-azadlıq mübarizəsinə həsr olunmuş silsilə tədbirlər, anma mərasimləri, konfranslar keçirilir, sərgilər, idman yarışları təşkil olunur.
Fevralın 24-də rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransın iştirakçıları əvvəlcə məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda səslənən məruzə və çıxışlarda bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin acı nəticələri konkret faktlarla diqqətə çatdırılmış, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı siyasəti qətiyyətlə pislənilmiş, faciənin icraçılarının tezliklə cəzalandırılacaqlarına əminlik ifadə olunmuşdur.
Sonra Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Faciənin 20-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq aksiyası çərçivəsində son günlər 6 min nəfərə yaxın Balakən məktəblisi internet vasitəsilə Xocalı soyqırımının tanınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət göndərmişdir.
Fevralın 26-da rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş həmvətənlərin məzarlarını ziyarət edəcək, şəhidlərin ruhuna dualar oxunacaqdır. Saat 17.00-da rayonun bütün ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.