“BANKLAR HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
Komissiyanın sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident İlham Əliyevin 2003-cü il 24 noyabr tarixli Fərmanı ölkənin bank sistemi qarşısında da mühüm vəzifələr qoymuşdur. Bunlardan biri bank sektorunun fəaliyyətinin yaxşılaşdırılmasıdır. Bunun üçün Milli Bank Milli Məclisin müvafiq komissiyası və digər əlaqədar təşkilatlarla birlikdə “Banklar haqqında” yeni qanun layihəsi hazırlamışdır. Sənəd parlamentdə birinci oxunuşda müzakirə olunarkən bir sıra ciddi irad və təkliflər səslənmişdi. İşçi qrupu və komissiya bu təkliflərin əksəriyyətini nəzərə almışdır. Belə ki, əvvəlki layihədəki “Əmanətlərin və depozitlərin sığortalanması bölməsi tamamilə çıxarılmış və 100-ə yaxın maddədə mahiyyət və redaktə xarakterli dəyişikliklər edilmişdir. Əmanətlərin və depozitlərin sığortalanması” ayrıca qanunla tənzimlənəcək və bununla bağlı yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə təqdim olunacaqdır.
Müzakirələr zamanı Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, deputatlar və dəvət olunmuş mütəxəssislər layihə ilə bağlı tövsiyələrini vermişlər.
Sonda layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.