Banqkok aeroportunda uçuş gözləyən üç minə yaxın sərnişin qalıb
Bakı, 1 mart, AZƏRTAC
“Thai Airways International” aviakompaniyası Hindistanla münaqişə fonunda Pakistanın hava məkanını bağlaması səbəbindən reysləri dayandırdıqdan sonra 3 minə yaxın sərnişin Tailandın Suvarnabhumi aeroportundan uça bilmir.
AZƏRTAC bu barədə yerli KİV-lərə istinadla xəbər verir.
Aviakompaniya fevralın 27-də Pakistan və Avropaya bütün reysləri dayandırıb. “Thai Airways International” Çinin hava məkanından istifadə etməklə avropalı sərnişinləri 3 gün ərzində təyinat nöqtələrinə çatdırmağı planlaşdırır.
Bir qədər əvvəl Pakistanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının martın 4-nə qədər qismən bağlı qalacağını təsdiqləyib. Bu addım Hindistan-Pakistan sərhədində yaşanan gərginliklə bağlıdır və təhlükəsizlik nöqteyi-nəzərindən atılıb. Qərar bəzi istisnalar olmaqla bütün uçuşlara aiddir. İslamabad, Kəraçi, Peşavar, Kvetta şəhərlərinin beynəlxalq aeroportları məhdud hava məkanında aviasiya əlaqəsini bərpa edəcəklər.
Xatırladaq ki, fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsinə hava zərbəsi endirib. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurub. Təyyarələrdən biri Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşüb, pilot əsir götürülüb.