Baş katib: Qarabağın yenidən qurulması bütün Türk dünyasının ortaq uğurudur
Bakı, 7 iyul, AZƏRTAC
Qarabağın yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq uğurudur. Burada tətbiq olunan hər bir mühəndislik təcrübəsi gələcəkdə Türk dövlətlərində həyata keçiriləcək oxşar layihələr üçün mühüm təcrübə bazası formalaşdırır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirci deyib.
“Qarabağda aparılan yenidənqurma işlərini müasir şəhərsalma prinsipləri ilə milli və mədəni kimliyin vəhdətinin nümunəvi bir inkişaf modeli kimi qiymətləndiririk. Qısa müddət ərzində nəqliyyat infrastrukturundan enerjiyə, ağıllı kənd layihələrindən yeni yaşayış məskənlərinə qədər çox mühüm məsafələr qət edilib”, - deyə Baş katib əlavə edib.
O, həmçinin bildirib ki, Türk dünyası ölkələri arasında ortaq şəhərsalma standartlarının hazırlanması, birgə mühəndislik layihə qruplarının yaradılması, akademik tədqiqatların artırılması, gənc mühəndis və memarlar arasında mübadilə proqramlarının tətbiq edilməsi və ortaq texniki məlumat bazalarının qurulması böyük əhəmiyyət kəsb edir. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi isə bu əməkdaşlıqları institusionallaşdırmağı və ortaq mühəndislik baxışını gücləndirməyi əsas hədəflərindən biri kimi görür.
Müsahibənin tam variantı tezliklə yayımlanacaq.