Baş katib: Qış Olimpiya Oyunlarında iştirak gələcək üçün mühüm təcrübədir
Bakı, 19 fevral, AZƏRTAC
Qış Olimpiya Oyunlarında iştirak gələcək üçün mühüm təcrübədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycan idmançılarının İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.
O bildirib ki, fiqurlu konkisürən Vladimir Litvintsevdən daha yüksək nəticə gözlənilirdi: “İdmançı özü də daha yaxşı çıxış edəcəyinə inanırdı. Təəssüf ki, həyəcan və idmanda hər zaman baş verə bilən stres amili istədiyi nəticəni göstərməsinə mane oldu. Belə hallarla böyük turnirlərdə tez-tez rastlaşmaq mümkündür”.
Baş katib dağ xizəkçisi Anastasiya Papatomanın çıxışını isə yüksək qiymətləndirib: “Azərbaycanın Qış Olimpiya Oyunlarında dağ xizəyi üzrə əvvəlki nəticələrinə baxsaq, deyə bilərik ki, bu, ən uğurlu çıxışdır. Hər iki cəhddə yaxşı performans nümayiş etdirdi. Təbii ki, daha yüksək nəticə də mümkün idi. Amma nəzərə almaq lazımdır ki, o, yarışların ən gənc dağ xizəkçisi idi. 18 yaşı yenicə tamam olub. İnanıram ki, gələcək turnirlərdə təcrübəsini artıraraq ölkəmizi daha yaxşı təmsil edəcək”.
G.Bədəlova vurğulayıb ki, qış idman növləri Azərbaycan üçün yenidir və bu istiqamətdə sistemli iş aparılır: “İdmançıların yetişdirilməsi və inkişafı üçün davamlı fəaliyyət göstəririk. Hər bir idman növündə olduğu kimi, qış idman növlərində də uğur qazanmaq üçün zaman tələb olunur. Bu sahənin ölkədə əhali arasında geniş yayılması üçün müəyyən müddət lazımdır. İnanıram ki, gələcəkdə daha uğurlu nəticələr əldə edə biləcəyik”.
Qeyd edək ki, Vladimir Litvintsev qısa proqramda ilk “24-lüy”ə düşə bilmədiyi üçün sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib. Anastasiya Papatoma isə slalom yarışlarını 51-ci yerdə başa vurub. Onun çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
Oyunlara fevralın 22-də Verona Arenasında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.