BAŞ NAZİR ARTUR RASİZADƏ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜL İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan hökumətinin başçısı qonaqları səmimi salamladı, belə yüksək səviyyədə aparılan danışıqların qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafına kömək edəcəyini bildirdi, dövlətlərimizin strateji tərəfdaş olduğunu, müstəqillikdən sonra ölkəmizdə çox böyük işlər görüldüyünü diqqətə çatdırdı.
Bu səfərin münasibətlərimizin inkişafına təkan verəcəyindən, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri layihələrinin əhəmiyyətindən danışan Baş nazir Artur Rasizadə vurğuladı ki, həmin layihələrin icrasına başlayanda uşaqdan böyüyə hamı deyirdi ki, Bakı-Tbilisi-Ceyhan necə olacaqdır? Amma dünya şöhrətli siyasi xadim, Prezident Heydər Əliyevin qətiyyəti və müdrikliyi nəticəsində bu layihələr artıq həyata keçirilir və vaxtında başa çatdırılacaqdır.
Baş nazir Artur Rasizadə Azərbaycanda iqtisadiyyatın son illər sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun 11 faiz artdığını və digər sahələrdə də nailiyyətlərin qazanıldığını söylədi və dedi ki, ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalıbdır. Biz istərdik ki, bu məsələ sülh yolu ilə həllini tapsın. Amma təəssüflər olsun, digər tərəf elə şərtlər qoyur ki, biz bu şərtlərlə heç vaxt razılaşa bilmərik. Bu münaqişənin acı nəticələri məlumdur. Əgər bu problem həll olunsa, biz daha da inkişaf edərik.
Azərbaycan hökumətinin rəhbəri bütün məsələlərdə Azərbaycanın mövqeyindən çıxış etdiyinə, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbulunda Azərbaycanı dəstəklədiyinə görə Türkiyə dövlətinə və hökumətinə təşəkkürünü bildirdi.
Türkiyənin xarici işlər naziri Abdullah Gül yenidən baş nazir təyin olunması münasibətilə Artur Rasizadəni təbrik etdi, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamını çatdırdı və dedi ki, Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı əbədidir.
İndi ölkələrimizin daha da zənginləşməsinə, xalqlarımızın rifahına xidmət edən layihələr həyata keçirilir. Bütün görüşlərimiz, danışıqlarımız bu istiqamətdədir. Siyasət, iqtisadiyyat və digər sahələrdə Azərbaycan və Türkiyə bir-birini hər yerdə dəstəkləyir və bu, davam edəcəkdir. Bütün fəaliyyətimiz xalqlarımızın və ölkələrimizin inkişafına, yüksəlişinə yönəlibdir.
Ötən illər ərzində qarşılıqlı çox işlər görüldüyünü, bundan sonra daha səylə çalışmağın vacibliyini söyləyən Abdullah Gül dedi ki, Azərbaycanın, türk dünyasının yetirdiyi böyük dövlət adamı Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Dünyanın gəlimli-gedimli olduğunu hamımız bilirik. Əsas odur ki, özündən sonra yaxşı iz qoyasan, əməllərinlə yaddaşlarda qalasan. Bu baxımdan təkcə azərbaycanlılar deyil, bütün türk dünyası - hamımız Heydər Əliyevin xatirəsi önündə baş əyirik və hər zaman onun əziz xatirəsini böyük hörmət və ehtiramla anacağıq.
Hörmətli qonaq Azərbaycanda yeni bir dövrün başladığını və bunun hamımız üçün xeyirli olmasını arzu etdi, Türkiyədə, Azərbaycanda, hər yerdə problemin çox olduğunu xatırlatdı və dedi ki, Ermənistan-Azərbaycan münaqişəsi təkcə sizin yox, həm də bizim problemimizdir. Problemləri çözmək üçün birgə çalışacağıq, daim bir-birimizə dəstək verəcəyik. Biz bu işdə qərarlıyıq.
Baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz görüşdə iştirak edirdilər.