BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda yer alıb
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun, Azərbaycan Tibb Universitetinin əməkdaşları və digər tanınmış alimlərlə birgə həmmüəllif olduğu elmi məqalə “Web of Science” (Clarivate Analitics) elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, “Materials” jurnalında dərc edilmiş məqalə “Böyrək çatışmazlığının müalicəsi və regenerasiyası üçün müasir nanomaterialların tətbiqi” (Application of Advanced Nanomaterials for Kidney Failure Treatment and Regeneration) haqqındadır.
Məqalədə dərmanların həllolma probleminin və hədəfdən kənar mənfi təsirlərinin aradan qaldırılmasında, həmçinin klinik praktikada yeni teranostik yanaşmaların yaranmasında nanotibbin tətbiqindən bəhs edilir. Araşdırmanın əsas məqsədi böyrək xəstəliklərinin terapiyasında müxtəlif nanomateriallardan istifadə edərək, terapevtik üsulları daha effektiv və təsirli etməkdir. Tədqiqatlar zamanı böyrək toxumasının müalicəsi və bərpasında nanomateriallara əsaslanan bir neçə yanaşma tətbiq olunub.
Təqdim edilən məqalədə mezenximal kök hüceyrələrindən alınan nanohissəciklərin və qan təmizləyici sistemlərdə istifadə olunan nanomaterial əsaslı adsorban və membranların istifadəsi ilə böyrək çatışmazlığının müalicəsi üçün yeni terapevtik üsullar təsvir edilib.
Qeyd edək ki, “Materials” jurnalının impakt faktoru 3.057-dir.