BDU Filippin universitetləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 26 noyabr, AZƏRTAC
Filippin Respublikasının Azərbaycandakı səfiri xanım Maria Elena Alqabre Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru Elçin Babayev Azərbaycan ilə Filippin arasındakı əlaqələrin əhəmiyyətindən danışıb.
Rektor BDU ilə Filippin Universiteti, Ataneo Manila Universiteti, Santo Tomas Universiteti və digər ali məktəblər arasında hüquq, iqtisadiyyat, mühəndislik, internet texnologiyaları və digər istiqamətlər üzrə əməkdaşlıq barədə fikirlərini söyləyib.
Xanım Maria Elena Alqabre Filippin ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Görüşdə tələbə-müəllim mübadiləsi, Filippində fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, BDU ilə Filippin universitetləri arasında müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, ikili diplomların verilməsi üzrə əməkdaşlıq haqqında müzakirələr aparılıb.