BDU-nun tələbəsi ABŞ-da SUSI proqramında iştirak edib
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbəsi Səyad Ələkbərov ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramında iştirak edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Proqram müddətində keçirilən mühazirələr Vaşinqton Universitetində “Vətəndaş iştirakı və liderlik” (“Civic Engagement and Leadership”) mövzusunda davam edib. Layihənin əsas məqsədi ABŞ təhsil sistemini daha dərindən başa düşmək və gənclərin liderlik bacarıqlarını artırmaqdır.
BDU-nun tələbəsi proqram ərzində mülki hüquq, insan hüquqları, liderlik, könüllülüyün əsasları, konfliktlərin həlli, ekoloji problemlər, qlobal istiləşmə və s. istiqamətlərdə nüfuzlu professorların mühazirələrini dinləyib.
Proqram çərçivəsində, həmçinin ABŞ-ın bir sıra ştatlarına təhsil səfərləri təşkil olunub.
SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Mübadilələr Bürosunun proqramıdır və Tələbələrin Vasitəsilə Beynəlxalq Qarşılıqlı Anlaşma Fondu (Foundation for International Understanding Through Student - FIUTS) tərəfindən idarə edilir.