Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazaxda təntənəli parad
Qazax, 5 mart, AZƏRTAC
2026-cı il üçün “İdman Paytaxtı” seçilən Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil edilib.
AZƏRTAC xəbər verir ki, idman federasiyalarının nümayəndələri, Olimpiya çempionları, idman səfirləri, könüllülər və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən parad Ədəbiyyat Muzeyinin önündə başlayıb və Heydər Əliyev adına parkın qarşısında başa çatıb.
Paraddan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyevin 31 il öncə idman ictimaiyyəti ilə tarixi görüşü ilə bağlı videoçarx nümayiş olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın "İdman Paytaxtı" seçilməsinin qürurverici hiss olduğunu bildirib. O, dövlət tərəfindən idmana yüksək səviyyədə qayğı və dəstək göstərildiyini bildirib. R.Babaşov Ulu Öndər Heydər Əliyevin idmanla bağlı başlatdığı uğurlu siyasəti Prezident İlham Əliyevin layiqli şəkildə davam etdirdiyini vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib. O, 31 il öncə Ümummilli Lider Heydər Əliyevin idman ictimaiyyəti ilə tarixi görüşü olduğunu xatırladıb. Nazir bütün idman növlərində uğurlu mütəxəssislərin yetişdirildiyini söyləyib.
F.Qayıbov dövlət tərəfindən idmana yüksək səviyyədə qayğı göstərildiyini diqqətə çatdırıb.
Ötən il üçün "İdman Paytaxtı" olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rəmzi açarı Fərid Qayıbova təqdim edib. O da öz növbəsində açarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ötürüb. Paradın ardınca konsert proqramı təşkil edilib.
Müxbir - Cavid Əliyev