“Behörden Spiegel”: “ASAN” xidmət Azərbaycanın uğur modelidir
Berlin, 23 aprel, AZƏRTAC
“Behörden Spiegel” qəzeti Berlin Azad Universitetinin dosenti, politoloq Matias Dornfeldin “ASAN mərkəzləri: Azərbaycanda yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə” adlı məqaləsini dərc edib.
Məqalənin müəllifi Azərbaycanın idarəetmə sahəsində apardığı modernləşmə siyasətini yüksək qiymətləndirib və burada “ASAN” xidmətinin rolunu xüsusilə vurğulayır.
Yazıda qeyd edilir ki, “ASAN” mərkəzləri 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Məqsəd vətəndaşlara bürokratik maneələri aşaraq mümkün qədər tez bir zamanda və sərfəli şərtlərlə ictimai xidmətlər göstərməkdən ibarətdir. Bu da öz növbəsində şəffaflığın və ictimai sektorda korrupsiyaya qarşı mübarizənin təmin olunmasında böyük rol oynayır. Müəllif yazır ki, on nazirlik və dövlət komitəsinin ictimai xidmətlərini özündə birləşdirən “ASAN” mərkəzlərinin xidmətlərindən indiyədək dörd milyondan çox vətəndaş yararlanıb. Azərbaycanın uğur modeli olan “ASAN” xidmət mərkəzlərinin sayı artırılmaqdadır. Bundan əlavə, regionlara müasir texnika ilə təchiz olunmuş “ASAN” avtobusları da göndərilir.
Məqalədə, həmçinin “ASAN” xidmət mərkəzlərinin yüksək səviyyəli və müasir informasiya texnologiyaları ilə təmin olunduğu vurğulanır. Müəllif bildirir ki, müasir rəqəmsal infrastruktur fiziki şəxslər və sahibkarların vaxta böyük qənaət etməsinə səbəb olur və bütövlükdə xoşagələn atmosfer yaradır. İctimai xidmətlər sektorunun rəqəmsallaşması və müasirləşməsi Azərbaycan hökumətinin siyasi iradəsinin göstəricisidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin