BELARUS RESPUBLİKASININ BAŞ NAZİRİ SERGEY SİDORSKİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞDUR
Noyabrın 5-də Belarus Respublikasının Baş naziri Sergey Sidorski Heydər Əliyev Fondunda olmuşdur.
Belarus hökumətinin başçısına və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Qeyd olundu ki, Fondun əsas məqsədləri Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, ölkəmizin mədəniyyətinin və tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.
Hörmətli qonaq ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlarla tanış oldu.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimizə həsr edilmiş kitablarla tanış oldular. Sergey Sidorski Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa ölkələrinin liderləri ilə birgə çəkilmiş fotşəkillərinə xüsusi maraqla baxdı.
Belarus Respublikasının Baş naziri Fondla tanış olduqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı: “Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin doğma ölkəsinin dövlətçiliyinin təşəkkülünə misilsiz töhfəsindən söhbət açan Fondun zəngin ekspozisiyası ilə maraqla tanış oldum.
Əminəm ki, Fondun fəaliyyəti Azərbaycan cəmiyyətinin gələcək inkişafına kömək edəcəkdir”.
Fondla tanışlıq zamanı qonağı Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev müşayiət edirdi.