BELARUSLU ALİMLƏR AMEA-NIN İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNDA OLMUŞLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Belarus Milli Elmlər Akademiyası (BMEA) Birləşmiş İnformatika Problemləri İnstitutunun direktoru Sergey Ablameyko və Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin hesablayıcı elektron maşınları kafedrasının müdiri, professor Rauf Sadıqov ilə görüş keçirilmişdir.
İTİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.Ablameyko Bakıda informasiya və kommunikasiya texnologiyalarının 50 illiyi münasibətilə keçirilən “Kibernetika və informatika problemləri” mövzusunda ikinci beynəlxalq konfransın elmin müxtəlif sahələri üzrə əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev rəhbərlik etdiyi elm müəssisəsi ilə BMEA Birləşmiş İnformatika Problemləri İnstitutu arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
R.Əliquliyev “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində institutun qarşısında duran məsələlərin həlli istiqamətində aparılan işlərdən danışmışdır. O, bu proqramdan irəli gələn bir sıra strateji layihələrin reallaşdırılmasında, dayanıqlı və təhlükəsiz elektron hökumətin qurulmasında, milli informasiya təhlükəsizliyi, biometrik identifikasiya sisteminin yaradılmasında, digər mühüm dövlət əhəmiyyətli İKT layihələrinin həyata keçirilməsində alimlərimizin fəal iştirak etdiyini bildirmişdir.
Görüşdə, həmçinin qloballaşan dünyada superkompyuterlərin əhəmiyyəti və üstünlükləri, Milli Superkompyuter Mərkəzinin yaradılması, hesablama və informasiya texnologiyaları sahəsində birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə olunmuşdur.