SİYASƏT
BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİ AMSTERDAMDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 28-29-da Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyi münasibətilə “Azərbaycan-Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il” mövzüsunda konfrans keçirəcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tarixçi alim Musa Qasımlı 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikası haqqında məruzə ilə çıxış edəcəkdir. Konfransda həmçinin, Azərbaycanın bu günü, müstəqillik tarixi, dünya dövlətləri sırasında layiqli yer tutması, iqtisadi inkişafı barədə məruzələr də dinləniləcəkdir.
Tədbirdə Benilüks ölkələrinin hökümət rəsmiləri, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, KİV nüməyəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər.
Bundan başqa, Benilüks Azərbaycanlıları Konqresi həmin günlərdə Azərbaycanı tanıtmaq məqsədilə bir sıra digər tədbirlər də təşkil edəcəkdir. Benilüks ölkələrinin təmsilçiləri Azərbaycan Demokratik Respublikası və müasir Azərbaycan haqqında fotosərgi ilə tanış olacaq, sənədli filmə baxacaq, tanınmış incəsənət ustalarınin canlı ifalarını dinləyəcəklər.