Benilüks Azərbaycanlıları Konqresinin lll qurultayı keçiriləcəkdir
Paris, 6 iyun (AZƏRTAC). Mərkəzi qərargahı Niderland Krallığının Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lll qurultayı iyun ayının üçüncü ongünlüyündə bu şəhərdə keçiriləcəkdir.
Respublikamız haqqında həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları Benilüks ölkələrinin - Niderlandın, Belçikanın və Lüksemburqun əhalisinə çatdırmaq məqsədi ilə 2006-cı ildə vətənpərvər azərbaycanlı Sahil Qasımovun təşəbbüsü ilə yaradılmış və Avropa ölkələrindəki Azərbaycan təşkilatlarını öz ətrafında sıx birləşdirən BAK-ın Nizamnaməsinə uyğun olaraq iki ildən bir keçirilən qurultayda təftiş komissiyası hesabat verir, yeni idarə heyəti və konqresin sədri seçilir.
Qurultayda BAK-ın lobbiçilik istiqamətində strategiyası ətrafında geniş fikir mübadiləsi aparılacaq və yeni vəzifələri müəyyənləşdiriləcəkdir. Qurultayda, həmçinin Azərbaycan və türk diasporlarının ümumi məqsəd istiqamətində birgə fəaliyyəti, GUAM ölkələrinin Avropadakı diaspor təşkilatları ilə sıx əlaqələr yaradılması ətrafında müzakirələr aparılcaqdır.
BAK-ın qurultayında Benilüks ölkələri rəsmilərinin, parlamentlərinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndələrinin, Azərbaycan-Niderland dostluq qrupu üzvlərinin, Milli Məclisin deputatlarının, Azərbaycanın Niderland və Belçikadakı səfirlərinin, qonşu ölkələrdəki diasporumuzun təmsilçilərinin, qardaş Türkiyənin Benilüks məkanındakı diaspor təşkilatlarının rəhbərlərinin və digərlərinin iştirakı nəzərdə tutulmuşdur.
Xatırladaq ki, BAK öz fəaliyyəti ilə artıq Avropa İttifaqında, Avropa Komissiyasında daha səmərəli işləməyə nail olmuşdur. BAK-ın Brüsseldə yerləşən Avropa Parlamentində təsis etdiyi “Lobbi işçi qrupu” bu siyasi qurumda artıq fəaliyyətə başlamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris