BENİNDƏ QƏZAYA UĞRAMIŞ TƏYYARƏ LİVANIN ÇARTER ŞİRKƏTİNƏ MƏXSUS İDİ
Xarici informasiya agentliklərindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, dekabrın 25-də Benində qəzaya uğramış təyyarə Livanın çarter şirkətinə məxsus idi. Bunu jurnalistlərə Beyrut hava limanının müdiriyyətindən bildirmişlər.
Təyyarə Qvineya körfəzi sahilindəki Kotonu şəhərinin hava limanından qalxandan dərhal sonra okeana düşmüşdür. Şahidlərin dediyinə görə, ən azı 60 nəfər həlak olmuşdur. Ölənlərin əksəriyyəti Livan vətəndaşlarıdır.