İQTİSADİYYAT
“Bərpaolunan Enerji Ehtiyatlarının İnkişafı” layihəsi üzrə ikinci seminar–sessiya öz işinə başlayıb
Bakı, 11 noyabr, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən “Bərpaolunan Enerji Ehtiyatlarının İnkişafı” (biokütlədən kogenerativ enerji istehsalı) layihəsi üzrə ikinci seminar-sessiya öz işinə başlayıb.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda bərpaolunan enerjinin inkişaf etdirilməsi ilə Oğuz, Ağcabədi və Samux rayonlarının enerji təchizatının effektivliyinin artırılmasına yönəldilmiş 3 pilot layihə üzrə elektrik və istilik enerjisi (biokütlə kogenerasiya) stansiyalarının yaradılmasıdır. Eyni zamanda, layihə adı çəkilən rayonlarda istilik təchizatının inkişaf etdirilməsi hesabına Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin təşviq olunması məqsədini daşıyır. Layihənin təsirləri hesabına kənd yerlərində ekoloji cəhətdən təmiz enerjidən istifadə genişlənəcək. Nəticə etibarilə, kənd rayonlarında mərkəzi isitmə sistemi infrastrukturuna investisiyaların yönəldilməsi, texniki cəhətdən rayonlara elektrik enerjisinin təchizatı, təbii qazın miqdarını azaldaraq içməli suyun qızdırılması kimi məsələlər öz həllini tapacaq.
Tədbirdə Oğuz, Ağcabədi və Samux rayonlarında həyata keçirilməsi planlaşdırılan layihənin tender əsasında “Lahmeyer İnternational” və “ES Safeguards” məsləhətçi şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üzrə məsələlər müzakirə olunub. Həmçinin, TİƏ-nin hazırlanmasında yerli ekspertlər, hökumət rəsmiləri və özəl sektorun nümayəndələri də iştirak edib.
Qeyd edək ki, 8 may 2013-cü il tarixində Azərbaycan Hökumətinə “Bərpa Olunan Enerji Ehtiyatlarının İnkişafı” (biokütlədən kogenerativ enerji istehsalı) layihəsi üçün Asiya İnkişaf Bankı tərəfindən Texniki Yardım təsdiq olunub. İcraçı agentlik qismində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi çıxış edir.