Bərpaolunan enerji: layihələr və perspektivlər – maarifləndirici görüş
Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə “Bərpaolunan enerji: layihələr və perspektivlər” mövzusunda maarifləndirici görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri fakültənin dekanı dosent Akif Ağbabalı açaraq belə görüşlərin tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını söyləyib. Dekan tələbələrin agentlikdə istehsalat təcrübəsi keçməsi və təcrübə proqramlarında iştirakının vacibliyini qeyd edib.
Daha sonra agentliyin Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə və Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin məsləhətçisi Günel Quliyeva təqdimatlarla çıxış ediblər. Onlar yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı rol, Azərbaycanda xüsusilə perspektivli olan külək və Günəş enerjisi layihələri, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə geniş məlumat veriblər.
Çıxışlarda ölkədə bərpaolunan enerji mənbələrindən istifadə üzrə mövcud vəziyyət, quraşdırılmış külək və Günəş elektrik stansiyalarının gücü, eləcə də gələcək layihələr haqqında faktlar təqdim olunub. İşğaldan azad olunmuş ərazilərdə qurulan kiçik su elektrik stansiyaları və müxtəlif alternativ enerji mənbələrinin tətbiqinin effektivliyi haqqında danışılıb. Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğu, ölkənin regionun enerji təhlükəsizliyində mühüm payı və xarici investorların bu sahəyə artan marağı vurğulanıb.