İQTİSADİYYAT
Beş ayda 119,1 min daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb
Bakı, 17 iyun, AZƏRTAC
Daşınmaz əmlakın qeydiyyatı sahəsində əhalinin xidmətlərdən daha rahat faydalanması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, daşınmaz əmlakın qeydiyyat prosedurunun sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə işləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Belə ki, cari ilin yanvar-may ayları ərzində 119 min 175 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 28 min 16-sı ilkin, 91 min 159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27,1 faiz artıb. Beş ayda mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 min 555-i fərdi yaşayış və bağ evi, 36 min 999-u mənzil, 59 min 146-sı torpaq sahəsi, 1328-i qeyri-yaşayış binası, 3843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.
Hesabat dövründə 6168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14,5 faiz artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25 faiz artaraq 6286 olub.
Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 5 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32,1 faiz artaraq 11 min 387, mənzillər üzrə 50 faiz artaraq 23 min 678, torpaq sahələri üzrə isə 36,3 faiz artımla 52 min 860 olub. Ümumilikdə isə, ötən ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65 min 403-dən 91 min 159-a yüksəlib.