Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlim komanda-qərargah hərb oyunlarında təlim döyüş tapşırıqları üzrə fəaliyyət göstərən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Beyləqan Qarnizonunda hərbi ideoloji qərargahlar, psixoloji yardım və bərpa məntəqələri açılıb, eləcə də yerli mədəniyyət evi kollektivinin iştirakı ilə “Sən qalib gələcəksən” devizi altında hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib.
Mərasimlər əvvəlcə təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılmış gənclər qarşısında, sonra isə çöl şəraitində bilavasitə cəmləşmə rayonlarında və mövqelərdə təşkil olunaraq şəxsi heyətə döyüş əzmi aşılayan bədii kompozisiyaların nümayişi ilə davam edib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, keçmiş Beyləqan taborunun komandiri Akif Həsənov və Qarabağ müharibəsinin digər veteranları şəxsi heyət qarşısında çıxış edərək onları qələbəyə səsləyiblər.
Tədbirlər hərbi qulluqçular tərəfində böyük rəğbətlə qarşılanıb.