SİYASƏT
Beynəlxalq birlik Ermənistanı müharibə cinayətlərinə görə cəzalandırmalıdır
Bakı, 15 dekabr, AZƏRTAC
Dünya ictimaiyyəti Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir. Beynəlxalq birlik Ermənistanı bu gün də davam edən müharibə cinayətlərinə görə cəzalandırmalıdır. Əks halda bundan sonra da günahsız insanlar Ermənistanın cinayətlərinin qurbanı olacaq.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib: “Bəlli olduğu kimi təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub. Bunlara son qoymağın yeganə yolu Ermənistana təzyiq edilməsidir. Çünki işğaldan azad edilmiş torpaqlarda hazırda quruculuq-abadlıq işləri apararkən biz Ermənistanın işğalçılıq, cinayətkarlıq xislətindən irəli gələn problemlərlə üzləşirik. Bunlardan biri də minalanmış ərazilər məsələsidir. Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində həmin ərazilərin bir hissəsinin xəritələri təhvil verilib. Amma bu, son deyil. Çünki Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün ərazilərimizi minalayıb. Ermənistanın cinayətkar əməli nəticəsində hələ də vətəndaşlarımız həlak olur. Digər tərəfdən belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir”.