Beynəlxalq Meşələr İlinə start verilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). BMT-nin Nyu-Yorkdakı iqamətgahında Beynəlxalq Meşələr İlinə start verilmişdir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Meşələr üzrə Forumun yüksək səviyyəli doqquzuncu sessiyasının iclası çərçivəsində xüsusi mərasim keçirilmişdir.
İclas iştirakçıları vurğulamışlar ki, meşələrin qırılması, deqradasiyasi və meşə yanğınları nəticəsində Yer kürəsinin meşə örtüyünün yoxa çıxması beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur. Axı, meşələr Yer kürəsinin ekosistemləri və astmosfer arasındakı karbon mübadiləsi prosesində əsas rol oynayır və yoxsulluğun miqyasının azalmasına böyük töhfə verir.
BMT-nin məlumatlarına görə, son 10 ildə meşə sahələrinin kiçilməsi sürəti ildə 16 milyon hektar azalmışdır, halbuki 1990-cı illərdə həmin rəqəm ildə təxminən 13 milyon hektar təşkil edirdi. Buna baxmayaraq, həmin göstərici, xüsusən Cənubi Amerika və Afrika ölkələrində hələ də narahatlıq doğuracaq səviyyədə yüksəkdir. Ekspertlər bildirirlər ki, irimiqyaslı meşəsalma tədbirləri meşə sahələri itkisini xeyli dərəcədə kompensasiya etməyə imkan vermişdir. Bu gün ümumi meşə massivinin 7 faizi, yaxud 264 milyon hektarı meşəsalmanın payına düşür.
Dünyanın meşə resurslarının dörddəbir hissəsi, yəni 1 milyard hektarı Avropa ərazisindədir. Bu meşə sahələrinin 82 faizi Rusiya Federasiyanın payına düşür. BMT Baş Məclisi 2006-cı il 20 dekabr tarixli 61/193 nömrəli qətnaməsində 2011-ci ili Beynəlxalq Meşələr İli elan etmiş və ilin əlaqələndirici rolunu BMT-nin Meşələr üzrə Forumunun katibliyinə tapşırmışdır.
BMT-nin baş katibi dəfələrlə vurğulamışdır ki, meşələrin lazımi qaydada idarə olunması planetimizdə qlobal istiləşməyə qarşı mübarizəyə əhəmiyyətli töhfə verəcəkdir.